İXTİSASIMIZ HAQQINDA
AĞIZ VƏ ÜZ-ÇƏNƏ CƏRRAHİYYƏSİ İXTİSASI
İxtisasa giriş.
Ağız və üz-çənə cərrahiyyəsi tibdə müstəqil bir istiqamət olaraq eyni zamanda stomatologiyanın bir sahəsi kimi qəbul olunur.
Bu ixtisas üz-çənə nahiyyəsində rast gəlinən xəstəlikləri, travmatik zədələnmələri, qüsurları, estetik və funksional pozuntuları, onların diaqnostikasını və müalicəsini öyrənir.
Patoloji proseslərin etiologiyasından, patogenezindən, morfologiyasından asılı olaraq burada müxtəlif bölmələr müəyyənləşdirilib.

Ağız və üz-çənə cərrahiyyəsi ixtisasında bölmələr

Iltihabi proseslər
Travmatik zədələnmələr
Şiş və şişəbənzər xəstəliklər
Anadangəlmə və qazanılmış, qüsur və deformasiyalar

Bu bölmələr daxilində müəyyən istiqamətlər formalaşıb.

Ağız və üz-çənə cərrahiyyəsində istiqamətlər
Diş-alveolyar cərrahiyyəsi
İrinli cərrahiyyəsi
Diş implantasiyası
Paradontoloji cərrahiyyə
Ağız xərcəngi
Ağız və üz-çənə travmatologiyası
Rekonstruksiya cərrahiyyəsi
(kəllə-üz cərrahiyyəsi daxil olmaqla)
Üzün kosmetik (estetik) cərrahiyyəsi
Gicgah-çənə oynağının cərrahiyyəsi
Uşaq üz-çənə cərrahiyyəsi
Ortoqnatik cərrahiyyə
Distraksion osteogenez
Kəllə-üz cərrahiyyəsi

Mövcud əməliyyatları həyata keçirmək üçün ənənəvi cərrahi üsullarla və diaqnostik müayinələrlə yanaşı, hazırda müasir texnologiyalardan istifadə olunur. Bunlar öz növbəsində yeni istiqamətlər müəyyən edib.

Müasir diaqnostika və müalicə metodları
Endoskopik və lazer cərrahiyyəsi
Kompüter biomodelləşməsi
Mikrocərrahiyyə
Naviqasiya ilə aparılan cərrahiyyə

Tibbin digər sahələri ilə əlaqəsi.
Bu nahiyədə rast gəlinən xəstəliklər, onların diaqnostikası və müalicəsi tibbin digər sahələri ilə sıx bağlı olduğundan burada çalışan həkimlər aşağıdakı ixtisaslara xüsusi diqqət yetirməlidirlər.



Sək. 1. İxtisasın digər tibb sahələrlə bağlığı

İxtisasa yiyələnmə yolları.
Cərrahlıq ixtisasını seçən gələcəyin həkimləri özlərində bir sıra vacib xüsusiyyətləri formalaşdırmağa çalışmalıdırlar. Ən başlıcası, onlarda cərrahi əməliyyatı etmək istəyiolmalıdır. Bu cür maraq bəzi tələbələrdə əvvəlcədən olur, bəziləri buna yalnız ixtisasla tanış olandan sonra meyl edir, bəzilərində isə bu istək ümumiyyətlə heç vaxt yaranmır.
Cərrahi əməliyyata maraq tələbələri bu sənətin incəliklərini öyrənməyə sövq etməklə onların bilik səviyyəsini artırır və bu sahədə çalışdıqca onlar lazımi təcrübə toplayırlar. İstək, bilik və təcrübə vacib şərtlər sayılsa da, bununla belə bəzi cərrahlar digərləri ilə müqayisədə daha uğurlu əməliyyat etmək qabiliyyətinə malik olurlar ki, bu da, ilk növbədə, onların şəxsi bacarığından asılıdır. Uğurlu cərrah barəsində bəzən belə deyilir ki, “o, Tanrının vergisidir”, “xalis möcüzədir” yaxud “onun əli yüngüldür» və s. Həqiqətən də, bəzən uzun illər bu sənətlə məşğul olan həkimlər özlərini cərrahiyyədə sübut edə bilmir, bu səbəbdən xəstələr, həmçinin öz həmkarları, kolleqaları arasında bir o qədər də tanınmır. Görünür, rəssamlarda, yaxud digər yaradıcı adamlarda olduğu kimi, bu peşədə də xüsusi istedad tələb olunur.
Peşəkar mütəxəssis kimi yetişmək üçün istəkli, bilikli, təcrübəli, bacarıqlı gənclərə həkimlikdə, xüsusən də cərrahiyyə sahəsində vacib keyfiyyət sayılan yüksək məsuliyyət hissinin olması da mütləq şərtdir. Yuxarıda rəssamları, digər yaradıcı adamları misal çəkdik. Qeyri-peşəkarlıq burda özünü fərqli şəkildə biruzə verir: bədii yaradıcılıqda bu – əsər itkisi, həkimlik peşəsində isə insan itkisi ilə nəticələnə bilər.
Cərrahlıq sahəsində ilk addımlar atan həkim hiss etməlidir ki, yanında savadlı müəllim, yaxud təcrübəli həmkarı var və istənilən anda kömək əlini uzadıb, onu çətin vəziyyətdən çıxarar. Məhz bu amil gənc həkimi bir çox hallarda əmələ gələ biləcək ağırlaşmalardan sığortalayır, onu cərrahiyyədə daha inamlı addımlar atmağa vadar edir.
Ali tibb təhsili müəsissələrində ağız və üz-çənə cərrahiyyəsi fənni Stomatoloji Fakültədə 3-cü kursdan etibarən tədris olunmağa başlanır. Bu fənni mənimsəmək üçün 1-ci və 2-ci kurslarda anatomiya, fiziologiya, biokimya elmləri və digər təməl fənlər üzrə dərslərdə əldə edilən biliklər tələb olunur. Ali məktəbdə bakalavr səviyyəsi üçün qarşıya qoyulan əsas məqsəd gələcək stomatoloqları ümumi praktiki fəaliyyətdə lazım olan ağız və üz-çənə cərrahiyyəsinə aid hərtərəfli biliklə təmin etməkdir.
Üz-çənə cərrahiyyəsi artıq bizim ölkəmizdə də, rəsmən (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2008 ci il tarixli 119 nömrəli əmri) müstəqil ixtisas kimi qəbul edilib. Hazırkı qanunvericiliyə görə, bu sahədə sərbəst fəaliyyətə icazə «həkim üz-çənə cərrahı” adını qazanandan sonra verilir. Azərbaycan Respublikasında həkim üz-çənə cərrahı adının alınması Nazirlər Kabinetinin müvafiq qərarı ilə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında 18 mart 2010-cu il tarixli 50 №-li Qərarı) müəyyənləşdirilib. Belə ki, ali tibb məktəbi Stomatologiya fakültəsinin məzunları 5 illik rezidentura Təhsil Proqramı keçməlidilər.
Rezidenturaya qəbul Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil olunan imtahanların nəticəsinə görə aparılır. Rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya ödənişli əsaslarla qəbul olunurlar.
Digər ölkələrdə də ali tibb məktəbindən sonra ixtisas almaq üçün bakalaviaturanı bitirənlər rezidenturada və ya internaturada hazırlıq keçməlidilər. Əgər ağız cərrahiyyəsi ixtisasına stomatologiya və ya diş həkimliyi fakultəsini bitirən məzunlar buraxılırsa, üz-çənə cərrahı adı almaq üçün müxtəlif ölkələrin təhsil qanunvericiliyində fərqlər mövcuddur. Bəzi ölkələrdə bu ixtisasa yalnız müalicə işi və ya tibb fakültəsinin məzunları buraxılır. Son zamanlar isə bir çox ölkədə hər iki fakultəni – həm stomatologiyanı ( və ya diş həkimliyini), həm də müalicə işini (və ya tibb fakültəsini) bitirən məzunlar buraxılır, ancaq onların təhsil proqramalarının müddəti bir qədər fərqlənir.
Xaricdə Stomatologiya (diş həkimliyi) fakultəsini bitirənlər üçün üz-çənə cərrahı adının alınmasına sərf olunan təhsil müddəti

Təhsil müddətində qazanılan ad
Maksimum il
Minimum il
Mütləq tələb olunur
Stomatologiya(diş həkimliyi) üzrə bakalavr
5
5
+
Stomatologiyanın təməlinın öyrənilməsi
1
1
yox
Stomatologiyanın dərindən öyrənilməsi (endodontiya, ortopediya, ortodontiya və s.)
2
1
+
Tibb (müalicə işi) üzrə bakalavr
5
3
+
Həkim-interna
2
2
+
Həkim- cərrah
2
1
+
Həkim - üz-çənə cərrahı
2
5
+
Ümumi hazırlıq müddəti
22
18
Orta hesabla
20 il
Xaricdə müalicə işi və ya tibb fakultəsini bitirənlər üçün üz-çənə cərrahı adının alınmasına sərf olunan təhsil müddəti
Təhsil müddətində qazanılan ad
Maksimum il
Minimum il
Mütləq tələb olunur
Tibb (müalicə işi) üzrə bakalavr
5
5

Həkim-inertna
2
2

Həkim- cərrah
2
2

Stomatologiya(diş həkimliyi) üzrə bakalavr
5
3

Stomatologiya təməlinın öyrənilməsi
1
0

Stomatologiyanın dərindən öyrənilməsi (endodontiya, ortopediya, ortodontiya və s.)
2
0
6-12 səviyyə təcrubəsi olmalıdır
Həkim -üz-çənə cərrahı
5
5

Ümumi hazırlıq müddəti
22
17
Orta hesabla
20 il
Üz-çənə cərrahiyyəsinin inkişaf tarixi.
Həkimin hərtərəfli formalaşması öz ixtisasının inkişaf tarixini bilmədən mümkün deyil. Diş həkimliyindən fərqli olaraq, yarandığı dövrdən etibarən üz-çənə cərrahiyyəsi tibbi ixtisaslarının və tibb elminin tərkib hissəsi olub. Buna görə də, biz üz-çənə cərrahiyyəsinin yaranmasını və təkamül prosesini dünya təbabətinin inkişaf tarixi daxilində təqdim edirik.
Üz-çənə cərrahiyyəsinin tarixi
Dövrlər
Tarix
ŞƏRQ TƏBABƏTİ
e.ə. 4-cü minillik – e.ə. 5-ci əsr
YUNAN-ROMA TƏBABƏTİ
e.ə. 5-ci əsr – y.e. 2-ci əsrin ortaları
İSLAM (ƏRƏB)TƏBABƏTİ
y.e 7-ci əsri –erkən orta əsrlər
QƏRBİ AVROPA TƏBABƏTİ
erkən orta əsrlər
İNTİBAH DÖVRÜN TƏBABƏTİ
XIV-XVI əsrlər
MÜASİR TƏBABƏT
XVI əsrdən
YENİ TARİX
1884-cü ildən
ƏNYENİ TARİX
2005 –ci ildən
Şərq təbabəti
E.ə. 4-cü minillikdə Çində dişlərin çıxarılmasında lingformalı alətlərdən istifadə edilir. Həmin zamanlar tibet həkimləri artıq rinoplastika əməliyyatı etməyi bacarırdılar.


Şək. 2. Çində dişlər alətlərlə çıxarılır
Şək. 3. Tibet Həkimləri rinoplastika əməliyyatı aparır

E.ə. 3-cü minillikdə, Jorserin fironluğu dövründə sarayın memarı kimi çalışan Xesi-ra (İmhotep) həkimliklə də məşğul olurdu. “Dişlərin altından irinintəmizlənməsi (açılması) üçün çənədə diş yuvasına qədər iki deşik açılmalıdır” – ifadəsi məhz ona məxsusdur və Xesi-ra dünyanın ilk diş həkimi tituluna layiq görülmüşdür.



Şək.4. Firon sarayının memarı Xesira
Şək.5. Jorser fironun piramidası
E.ə. 3-cü minillikdə həmçinin Lyuksordakı (Misir) papirus yazılarında göstərilir ki, çənələrdə dişdən əmələ gələn iltihablar sümüklərin sekvestrasiyasına gətirib çıxarır. Həmin yazılarda bu xəstəliyin müalicə qaydası, eyni zamanda “Bədənin bütün hissələri üçün dərman hazırlanması” üsulları da göstərilir.


Şək.6 Luksor (Misir) şəhəri
Şək.7 Papirus yzıları

E.ə. 2-ci minillikdə ilk tibbi ədəbiyyatmənbələrindən biri olan Ayurveda (“ayus”– həyatın mənası; “veda” – bilik) ənənəvi hind təbabətindən bəhs edir. E.ə. 1-ci minilliyə aid həmin mənbədə hind həkimi Suşrutanın apardığı alın və üz dərisindən burunun bərpası əməliyyatı təsvir edilir (hazırda bu əməliyyat rinoplastikanın hind üsulu kimi məşhurdur. Maraqlıdır ki, Suşruta öz fəaliyyətində 120-dən artıq müxtəlif təyinatlı və formalı cərrah alətlərindən istifadə etmişdi. Yəni Hindistanda yanaqdan götürülən dilimlərlə dodağın bərpası əməliyyatının aparılması hələ o zamanlardan mövcud idi.


Şək.8 Ayurveda kitabı
Şək.9 Suşrutanın Hind usulu ilə burun plastikası
E.ə. 5-ci əsrdə isə hindistanlı həkim Vaqbxatanın əsərində dişin çıxarılması əməliyyatı təsvir olunur: “Bir qədər səy göstərərək şiddətləağrıyan dişi, hətta olaxlamasa da, çəkmək mümkündür, bunun üçün diş əti ayrılır və diş kəlbətinlə dartılaraq çıxarılır. Diş çıxarılandan sonra ağzı su və balla yaxalamaq lazımdır”.


Şək.10 Vaqbxata hindistan həkimi
Şək.11 Dəmirdən hazırlanan alətlər
Həmin dövrdə tibb tarixində artıq Yunan-Roma təbabəti meydana çıxır.
Yunan-Roma təbabəti.
E.ə. 5-ci əsrdə məşhur yunan həkimi, tarixi mənbələrdə adı tibbin atası kimi tanınan Hippokrat özünün “Hippokrat korpusları” kitabında ilk dəfə olaraq pulpit, periostit və osteomielitin, damaq və ağız boşluğunun selikli qişası ilə bağlı müxtəlif xəstəliklərin, odontogen haymoritin, sifilis xəstəliyində burun və damaq sümükləri nekrozunun ətraflıtəsvirini verir. Kitabda həmçinin çənə çıxığı və sınıqlarının müalicəsində cərrahiüsullar da göstərilir.
Maraqlıdır ki, Hippokratvə müasirləri “möhkəm oturan”(laxlamayan) dişləri çəkməkdən çəkinirdilər. Görünür yunanlar o vaxtlar artıq Hindistanda istifadə olunan dəmir alətlərdən xəbərsiz idilər və bu vasitələr onlara hələ gəlib çatmamaşdı. Bu səbəbdən yunan həkimlər yalnız qurğuşundan düzəldilən kəlbətindən istifadə edirdilər. Dəmirdən hazırlanan kəlbətinlərdən isə onlar yalnız e.ə. 4-cü əsrdən etibarən istifadə etməyə başlamışlar.



Şək.12 Hipokrat
Şək.13 «Hippokrat Korpusları” kitabı
Bir faktı da qeyd edək ki, Türkiyənin Alaşehir şəhərindəki “Filadelfiya məbədi”ndə dünyanın həmin dövrə aid ən qədim kəlbətin nümunəsi qorunub saxlanılır.



Şək.14 Filadelfiya məbədi (Alaşəhər, Türkiyə)
Şək.15 Qədim dişlərin çıxarılması üçün alət
Eramızın 2-ci əsrinin ortalarında qədim dövrün məşhur təbiblərindən sayılan Klavdi Qalen ilk dəfə olaraq pulpitlə periodontitin fərqini göstərmişdir. Özünün “İnsan bədəni hissələrinin təyin edilməsi haqqında” kitabında o, bədənin 600-dən çox əzələsini, sinir sistemininquruluşunu və s. təsvir etmişdir. Bununla belə, Qalen diş çıxarılmasını təhlükəli əməliyyat hesab edirdi. Məşhur təbibin “Mənə tez-tez anatomiyanı yaxşı bilməyən cərrahların əlindən tutub idarə etmək lazım gəlirdi və bununla da mən onları kütləvi rüsvayçılıqdan xilas etmiş olurdum” ifadəsi bu gün də aktuallığını saxlayır və müasir dövrümüzdə cərrah peşəsini seçənlər üçün olduqca ibrətamizdir.


Şək.16 Klavdi Qalen (130-210)
Şək.17 Anatomistin iştraki ilə aparılan cərrahi müdaxilə
Islam təbabəti
İslam (bəzi ədəbiyyatlarda – ərəb) təbabəti eramızn 980-1037 illərində yaşamış Əli Hüseyn İbn Abdullah Ibn Sinanın (lat. Avisenna) adı ilə bağlıdır. O, islamdan əvvəlki dövrə aid tibbibiliklərə İslam mədəniyyətini əlavə etmiş və bu maraqlı sintez əsasında 29 elm sahəsinə aid 450 əsər yazmışdır. Son dərəcə qiymətli olan bu əsərlərdən təəssüf ki, bizə yalnız 274-ü gəlib çatmışdır. Məsələn, surəti 1143-cü ildə çıxarılan məşhur “Avisenna kanonları” kitabının nadir nüsxəsi Bakı şəhərində, Füzuli adına Əlyazmalar Institutunda saxlanılır. “Ağıl dişi” termininin şərhinə ilk dəfə məhz həmin kitabda rast gəlinir. IbnSina diş kəlbətinlərini təkmilləşdirir, diş daşlarının təmizlənməsi üçün alətlər dəsti təklif edir, çənə sınıqlarının müalicəsində qızıldan hazırlanan liqatura ilə dişlərin fiksasiyasını göstərir, çənə çıxıqlarında müalicə usulu təklif edir.


Şək.18 İbn Sina (980-1037)
Şək.19 Əlyazmalar Institutunda saxlanılan nüsxə

Qərbi Avropa təbabəti.
İsalm təbabətini qəbul etmədiyindən və ya bixəbər olduğundan, Qərbi Avropada erkən orta əsrlər dövründəinsanın düşüncə və biliklərinin bütün sahələr üzrə uzunmüddətli tənəzzülü ilə müşaiət olunur. Bu dövrdə diş həkimliyi ucuz bir peşə kimi qeyri-peşəkarların – naşı bərbərlərin, diletant sərsərilərin ümidinə qalır. Bu dövr təbabət tarixində Qərbi Avropa təbabəti dövrü kimi göstərilir.
İntibah dövrünün təbabəti.
XIV əsirdən Qərbi Avropa təbabətini İntibah dövrünün təbabəti əvəz edir. Fransalı cərrah Gyude de Şoliak diş kəlbətinlərini təkmilləşdirir, əməliyyat vaxtı isə ağrıkəsici kimi tiryək hopdurulmuş süngərin iylənməsini təklif edir.


Şək.20 Gyude de Şoliak (1300-1368)
Şək.21 Diş həkimin fəliyyətindən qravüra
İtaliyalı cərrah Nikolo Falkuççi ilk diş implantasiyası əməliyyatı aparır-meyitdən götürülmüş dişlər insanlara köçürülür.
ХV əsrdə italyan cərrahaları ata-oğul Qustav və Antoniy Branko burunun bərpası üçün həm yanaq və həm də alın nahiyəsinin dərisindən istifadə etməyi təklif edir. Bu usul “İtalyan usulu” kimi tanınır.

Şək. 22 “İtalyan usulu” ilə rinoplastika
Məşhur rəssam, eyni zamanda mühəndis olan Leonardo da Vinçi ilk dəfə dişlərin çənə və əng cibi ilə qarşılıqlı əlaqəsinin təsvirini verir.


Şək.23 Leonardo da Vinçi (1452-1519)
Şək. 24 üzün proporsiyaları (Leonardonun təsviri)
Müasir təbabət.
Tibdə müasir təbabət dövrünün banisi holland anatomu Vezaliy sayılır. Bizim peşədə isə bu dövrün başlancığı fransa alimi, saray cərrahı Ambruaz Parenin adı ilə bağlıdır. Pare dəyərli ixtiraların müəllifidir: qanaxmanın qarşısının alınması üçün sıxıcı alət, diş ətini ayırmaq üçün xüsusi raspator, yeni kəlbətin növləri, ling formalı elevatorlar, damaq yarıqlarının bağlanması üçün qızıldan və ya gümüşdən hazırlanan abturator.



Şək.25 Ambruaz Pare (1510-1590)
Şək.26 Damaq yarıqlarının bağlanması üçün Pare abturatoru
A.Parenin verdiyi tövsiyyələr:
- diş çıxarılandan sonra qanaxmanın qarşısının alınması üçün diş yuvacığı iki barmaqla sıxılır;
- güllə yarası zəhərlənmiş sahə deyil, travmatik zədədir və bu zaman yaraya qaynar yağ tökmək kimi qaba usullardan imtina edilməlidir
Bununla belə XVIII əsrin sonlarına qədər dişlərin çıxarılması ilə bərbərlər və diletant sərsərilər məşğul olurdu.
Şək.27 Dişləri bərbərlər çəkir

1731-ci ildə Fransada Cərrahların Kral Akademiyası yaradılandan sonra, bu peşə nəhayət ki, həkimlərlə bərabər statusda qəbul edilməyə başladı.
Bu zaman özlərini yalnız dişlərin müalicəsinə həsr edən cərrahlar meydana çıxmağa başladı ki, bu sırada Pyer Foşarın adı ilk cərrah-dantist kimi xüsusi qeyd olunmalıdır. Onun 1728-ci ildə işıq üzü görmüş “Dantist – cərrah və ya dişlər haqqında traktat” kitabında ilk dəfə olaraq vurğulanır ki, diş xəstəlikləri qurdlardan deyil, digər səbəblərdən baş verir. Bukitabda o, diş xəstəliklərinin 102 növünü ayırır.




Şək.28 Pyer Foşar (1678-1761)
Şək.29 Foşarın işləmələri
P.Foşar dişlərin çıxarılması üsulunda inqlabi yenilik sayıla biləcək təkliflə çıxış edir: “Xəstənin başınıdizlərin arasında sıxıb saxlamaqdansa, onu oturacağa otuzdurmalı, özünüz isə sağ tərəfdə və ya arxada dayanmalısınız. Oturacaq döşəməyəmöhkəm bərkidilməli və əməliyyat xüsusi işıqlandırma ilə aparılmalıdır».
Bunlarla yanaşı, o yeni stomatoloji alətlər və qurğular təklif edir, həmçinin A.Parenin damaq obturatorunu təkmilləşdirir. 1761-ci ildə vəfat edən və özündən sonra ailəsinə küllimiqdarda sərvət qoyan P.Foşar sonrakı nəsillər üçün həkim-ortopedin stereotipini yaradır: “Protez ustası elitar və çox bahalı bir həkim sənətidir. Yalnız bu sənət itirdiyimiz dişləri bizə qaytarmaq iqtidarındadır».



Şək.30 Foşardan əvvəl Foşardan sonra

XIX əsrin əvvəllərində həkimlər bütün sahələr üzrə öz təhsillərini universitetlərdə alarkən, dantistlər diş həkimliyi sənətini hələ də usta yanında şagird kimi öyrənirdilər. Yalnız XIX əsrin ortalarından etibarən əvvəl ABŞ-da, sonra İngiltərə, Fransa, İsveçrə və Rusiyada diş həkimliyi məktəbləri yaradılmağa başladı. Hətta Rusiyada diş həkimliyi məktəbini bitirən məzunlara Rus İmperatorunun imzası ilə Diplom da verilirdi.


Şək.31 Rusiya İmperatoru III-cü Aleksandr
Şək.32 İmperator tərəfindən verilən həkim diplomu
Yeni tarix
1847-ci ildə ABŞ-da Samuel Vayt (Samuel White)
ilk dəfə olaraq diş həkimliyinə aid elmi jurnalları nəşr etməyə başlayır – «Stomatoloji informasiya bülleteni» və
«Stomatologiya dünyası».


Şək.33 «Stomatoloji informasiya bülletenin» Samuel Vayt (Samuel White)
Şək.34 İlk diş həkimliyi jurnalları
Burada çap olunan əsərlər arasında cərrahiyyə aid olan məqalələr yer tapır. Bununla muasir ağız və üz-çənə cərrahiyyəsi ixtisasın tarixi başlanır.
Periodontal cərrahiyyənin pioneri hesab olunan Robişek 1884-cü ildə diş ətlərində gingivoektomiya əməliyyatının aparılmasını əsaslandırmışdır. Dilimlə aparılan əməliyyatlar isə ilk dəfə 1911-ci ildə Neyman, 1912-ci ildə Vidman tərəfindən tədbiq edilmişdir.
Şək.35 Dilimlə aparılan əməliyyatlar

1952-ci ildə isveçli cərrah-ortoped Per-İnqvar Branemark osteointeqrasiya fenomenini kəşf etmiş, bununla da dental implantasiyanın elmi cəhətdən mümkün olmasını sübuta yetirmişdir. Tibbi əsaslarla ilk dental implantasiya əməliyyatını isə amerikalı dantist Leonard Linkov həyata keçirmişdir.


Şək.36 Per-İnqvar Branemark (1929-2014)
Şək.37 Branemarkın osteointeqrasiya fenomeninin kəşfi

1960-cı ildən cərrahiyyədə damarların tikilməsi üçün mikroskopdan istifadə edilməyə, bununla da rekonstruktiv cərrahiyyədə sərbəst toxuma dilimlərinin microcərrahiyyə üsulu ilə damar ayaqcığında köçürülməsinin klinik tətbiqinə başlandı. 1975-ci ildə Taylor ilk dəfə incik sümüyündən transplantat kimi istifadə edilməsini təklif etdi və 1989-cu ildə Hidalgo incik sümüyü transplantatı ilə çənə rekonstruksiyası aparıldı.


Şək.38 Microcərrahiyyə üsulu ilə damar ayaqcığında sərbəst toxuma dilimlərlə çənənin rekonstruksiyası

1962-ci ildə bu sahədə çalışan cərrahlar Londonda konqres keçirdilər və həmin tədbirdə Üz-çənə cərrahlarının Beynəlxalq Cəmiyyəti təsis olundu. Bununla da üz-çənə cərrahiyyəsi tibb sahəsində müstəqil bir ixtisas kimi tanındı.

Şək.39 1962 ildə üz-çənə cərrahlarının 1-ci Beynəlxalq Konqresi keçirilir

Çənə defektlərinin bərpasında sümüklərin uzadılması metodu cərrahiyyədə distraksiyalı osteogenezin tətbiqi ilə mümkün olub. Bu fenomen Azərbaycanda doğulan, sonradan fəaliyyətinə Rusiyada davam edən Qavriil İlizarovun adı ilə bağlıdır. 1973-cü ildə Snayder çənə sümüyünün distraksiyasını itlər üzərində, 1980-ci ildə isə Bell insanlarda uğurla tətbiq edir.

Şək.40 Qavriil İlizarovun (1921-1992)

1962-ci ildə isveçrəli professor Hüqo Obvegezer ortoqnatik cərrahiyyədə “split osteotomiya” metodunu təklif etməklə bu əməliyyatların ağızdaxili usulla aparılmasına imkan yaratmış oldu.


Şək.41 Hüqo Obvegezer
(19-2017)
Şək.42 Çənənin split osteotomiyası
Kəllə-üz-çənə cərrahiyyəsinin atası sayılan məşhur fransalı cərrah Pol Tesye ötən əsrin 70-ci illərindən etibarən anadangəlmə patologiyaların səmərəli müalicə yollarını araşdıraraq, bu sahədə sərhədləri genişləndirmiş, kəllə-üz-çənə cərrahiyyəsi prinsiplərini formalaşdırmağa müvəffəq olmuşdu.

Şək.43 Pol Tesye (1917-2008)

Üz skeleti sümüklərinin sınıqlarında daxili fiksasiya üsulu ilə osteosintez əməliyyatlarının aparılmasına XX əsrin əvvəlindən başlansa da, titandan hazırlanmış lövhələrin tətbiqi 1977-ci ildən start götürmüşdür. Sonradan alman alimi Spiessel (1921-2002) osteosintez zamanı müalicənin nəticələrini xeyli yaxşılaşdıran bu lövhələrlə dinamik kompressiyanın aparılmasını təklif etdi.
Ən yeni tarix.
2005-ci ildə Bernard Devuaşelle – fransız üz-çənə cərrahı dünyada ilk dəfə sifətin köçürülməsi əməliyyatını həyata keçirmişdir.



Şək.44 Bernard Devuaşelle. Üzün transplantasiyası.

2006 ildə ildə Tomaso Verçelotti – italyan üz-çənə cərrahı pyezocərrahiyyəni təklif etmiş



Şək.45 Tomaso Verçelotti. Çənələrdə aparıaln əməliyyatlar.

Hazırda daima inkişafda olan ağız və üz-çənə cərrahiyyəsindəki yenilikləri nufuzlu elmi mənbələrdən – dövri nəşrlərdən və internet resurslarından əldə etmək mümkündür.
Dövri nəşrlər:
  1. International Journal of Oral and Maxillofacial Surgery
  2. Journal of Cranio-Maxillofacial Surgery
  3. Journal of Oral and Maxillofacial Surgery
  4. Journal Craniomaxillofacial Тrauma and Reconstruction
  5. British Journal of Oral and Maxillofacial Surgery
  6. International Journal of Head and Neck Surgery
  7. Oral Surgery, Oral Medicine, Oral Pathology and Endodontics
  8. Journal of Oral Pathology and Medicine
  9. International Journal of Adult Orthodontics and Orthognatic Surgery
  10. International Journal of Oral and Maxillofacial Implants
  11. Journal of Prosthetic Surgery
və internet resurslarından əldə etmək olar:
  1. ScienceDirect – www.sciencedirect.com
  2. PubMed – www.pubmed.com
  3. AOCMF (Academy of Osteointegration, Craniomaxillofacial branch) – www.aocmf.org
  4. IAOMS (International Association for Oral and Maxillofacial surgery)- www.iaoms.org
  5. EACMFS (European Association for Craniomaxillofacial surgery) - www.eacmfs.org
Peşakar cərrahlar sahənin nüfuzlu elmi cəmiyyətlərinin üzvü olmağa çalışır
  • IAOMS
  • EACMFS
  • S.O.R.G
  • AOCMF
  • AAOMFS (American Association of Oral and Maxillofacial Surgeons)
  • American College of Surgeons
  • Royal College of Surgeons of England
1.1.5.Azərbaycanda üz-çənə cərrahiyyəsinin inkişaf tarixi.
Ölkəmizdə üz-çənə cərrahiyyəsinin öz tarixi, bu xidmətin müasir infrastrukturu, elmi potensiyalı və onu inkişaf ettirən şəxsiyyətlər var. Uzun illər Azərbaycan cərrahları daha mütərəqqi qərb təbabətindən demək olar ki, tam təcrid olunmuş, lazımi şəraitin və müvafiq təchizatın olmadığı vəziyyətdə bu ixtisası az qala öz daxili tələbat və hisslərinə arxalanaraq mənimsəmişlər. Onların yalnız ən zəhmətkeşləri, öz fədakar əməyinə əsaslanıb, bu sənəti hər şeydən üstün tutaraq, özlərinin mütərəqqi baxışlarıyla, çiyinlərində bu xidməti daşıyıb bu günə çatdırmağa nail olublar. Asan olmayan bu missiya bəzən qısqanc həmkarların və administrativ bürokratiyanın tikanlı çəpərləri ilə tez-tez qarşılaşırdı. Lakin, onlarda olan məhz bu fədakarlıq Azərbaycan üz- çənə cərrahiyyəsini müəyyən səviyyəyə qaldırır və öz xalqına yüksək səviyyəli tibbi xidmət göstərməyə imkan verir.
1956-ci ildə Azərbaycan Tibb İnstitutunda Cərrahi Stomatologiya kafedrası yaradıldı. Kafedranın bazası Bakı Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunda müəyyən edilirdi, kafedraya rəhbərlik isə o vaxtlar artıq bütün SSRİ məkanında, eləcə də beynəlxalq aləmdə plastik və rekonstruktiv cərrah kimi tanınan professor Gülbala Qurbanova (1896-1976) həvalə olunmuşdu. Məhz bu görkəmli şəxsiyyət Azərbaycanda üz-çənə cərrahiyyəsi və plastik-rekonstruktiv cərrahiyyənin banisi sayılır.





1961-ci ildə Tәcili Tibbi Yardım Xәstәxanasında (sonradan Semaşko adına xəstəxana, 1 saylı Bakı şəhər klinik xəstəxanası) 40 çarpayılı üz-çənə cərrahiyyəsi şöbəsi açıldı və ATİ-nin Cərrahi Stomatologiya kafedrası bu bazaya köçürüldü.





Şək.48 Musa Nağıyev adına Tәcili Tibbi Yardım Xәstәxanası

1974-ci ildən kafedraya dosent Baxış Hüseynov rəhbərlik etməyə başladı. Həmin dövrdə tədris işi ilə yanaşı, kafedrada üz-çənə nahiyyəsinin iltihabi xəstəliklərinin və üz ağrılarının müalicəsinin təkmilləşdirilməsi kimi yeni elmi istiqamətlər müəyyənedildi, ilk dəfə olaraq mürəkkəb üz-çənə protezləşməsi xidməti təşkil olundu. Xəstəxananın profilinə uyğun həm planlı, həm də təxirəsalınmaz, xüsusiləşdirilmiş tibbi yardım xidməti fəaliyyət göstərdi (şöbəyə Cəfərağa Səmədov rəhbərlik edirdi).


Şək.49 Baxış Hüseynov
Şək.50 Cəfərağa Səmədov

1974-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunun (AHTİ) Stomatologiya Kafedrasında Ramiz Həsənlinin rəhbərliyi ilə cərrahi stomatologiya kursutəşkil edildi. Respublika Kliniki Xəstəxanasının travmatologiya şöbəsinin nəznində isə 20 çarpayılıq üz-çənə cərrahiyyəsi şöbəsi yaradıldı.
1978-ci ildə Stomatologiya Fakültəsinin məzunları üçün respublikamızda ilk dəfə cərrahi stomatologiyaixtisası üzrə illik internatura açıldı. İnternaturanı bitirdikdən sonra ilk cərrah-stomatoloq vəsiqəsi Çingiz Rəhimova verildi.
1979-cu ildə, 1 saylı Şəhər Xəstəxanasında yeni korpusların tikintisindən sonra, üz-çənə şöbəsinə 85 çarpayı ayrıldı ki, bunun da 25-i ilk dəfə olaraq uşaqlar üçün nəzərdə tutulmuşdu. Cərrahi stomatologiya kafedrasında isə uşaq üz-çənə cərrahiyyəsi kursu təşkil edildi – dodaq və damaqyarıqlarının cərrahi müalicəsi aparılmağa başladı.
1980-ci ildən AHTİ-nin cərrahistomatologiya kursuna və kafedraya professor Oqtay Seyidbəyov rəhbərlik edir. Kafedranın bazalarında ixtisaslaşdırılmış stasionar- Respublika Kliniki Xəstəxanasının üz-çənə cərrahiyyəsi şöbəsində və ambulator Stomatologiya Mərkəzində xidmət təşkil olunur.

Şək.51 Oqtay Seyidbəyov
Elə həmin ildən ATİ-nin Cərrahiyyə Stomatologiya kafedrasına Tamara Hüseynova fəaliyyətə başladı. O, çənələrin sümük plastikasında yeni sümük əvəzedicilərinin istifadəsi tədqiqatlarına başlayır.
1987-ci ildə Cərrahiyyə Stomatologiya kafedrasının müdiri vəzifəsinə Teymur Babayev seçildi. Fənn üzrə yeni tədris proqramı hazırlandı, elm sahəsində – “Üz-çənə nahiyəsinin anadangəlmə və sonradan yaranmış xəstəliklərinin diaqnostikası və müalicəsi” istiqaməti əsas götürüldü.


Şək.52 Teymur Babayev (1934-2016)
Şək.53 İbrahim Yıldırım
Qeyd edək ki, ötən əsrin 90-cı illərində Qarabağda gedənhərbi əməliyyatlar zamanı üz-çənə cərrahiyyəsi şöbəsində birbaşa döyüş meydanından gətirilən 200-dən çox yaralı müalicə olunmuş, sonradan bu xəstələrin üzərində rekonstruktiv bərpa əməliyyatları aparılmışdı. Professor İbrahim Yıldırımın başçılıqetdiyi Türkiyəli üz-çənə və plastik cərrahlar qrupunun ölkəmizə gəlişi bu dövrdə Azərbaycanda üz-çənə cərrahiyyəsinin inkişafı üçün son dərəcə faydalı oldu. Qardaş ölkə həkimlərinin fədakar, təmənnasız, eyni zamanda yüksək ixtisaslı əməyi onlarla çiyin-çiyinə işləyən azərbaycanlı həmkarların peşəkarlıq səviyyəsinə öz müsbət təsirinigöstərdi.
2006-ci ildə ATİ-nin Cərrahiyyə Stomatologiya kafedrasının adında dəyişiklik edildi və kafedra Ağız və üz-çənə cərrahiyyəsi kafedrası adlandırıldı. Əziz Əliyev tərəfindən üz-çənə cərrahiyyəsi mövzusuna aid Azərbaycanda ilk doktorluq elmi işinin müdafiəsi də həmin ilə təsadüf etdi.


Şək.54 Əziz Əliyev
Şək.55 Yunus Yusubov

2006-ci ildə həmçinin ilk dəfə olaraq ixtisas üzrə professor Yunus Yusubovun “Üz-çənə cərrahiyyəsi və cərrahi stomatolo­giya” adlı monoqrafiyası Azərbaycandilində işıq üzü gördü.
2007-ci ildən ATİ-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasına professor Çingiz Rəhimov rəhbərlik etməyə başlayıb. Bu dövrdə təhsil prosessində Avropa Kredit Transfer Sisteminə əsaslanan yeni tədris proqramı işlənilib hazırlandı. Hazırda kafedrada elmi sahə üzrə “Üz-çənə nahiyyəsinin bərpaedici və irinli cərrahiyyəsində müalicənin effektiv üsullarının işlənib hazırlanması” istiqaməti əsas götürülür, müalicə sahəsində isə – mürəkkəb diş implantasiyasının, ortoqnatik cərrahiyyənin, mikrocərrahiyyənin, kəllə-çənə-üz cərrahiyyəsinin, distraksion osteogenezin, üz skeleti sümüklərinin travmalarında AO prinsiplərinə əsaslanan osteosintez əməliyyatlarının, orbita rekonstruksiyasının, gigcah-çənə oynağında açıq və qapalı cərrahiyyənin, üz-çənə nahiyyəsi şiş xəstəlikləri cərrahiyyəsinin ən müasir usulları tətbiq edilir.



Şək.56 Çingiz Rəhimov
Şək.57 Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahi Klinikası
Şək.58 Azərbaycan Tibb Universitetinin Tədris-Stomatoloji Klinikası
2014-ci ildə Ağız və üz-çənə cərrahiyyyəsi kafedrası, Azərbaycan Tibb Universitetinin cərrahi profilli kafedraları üçün yeni tikilən və ən müasir avadanlıqla təchiz olunan, Tədris-Cərrahi Klinikasının 8-ci mərtəbəsinə köçdü. Burada stasionar xəstələrə xidmət göstərən 24 çarpayılıq şöbə, eləcədə tədris üçün 90 nəfərlik mühazirə zalı, dərs otaqları: professor-müəllim, baş laborant, rezident, doktorant üçün ayrılan otağlar və ayrıca yerləşən şöbəyə təhkim edilmiş əməliyyat otağları fəaliyyət göstərir. Bunula belə Azərbaycan Tibb Universitetinin Tədris-Stomatoloji Klinikasının 1-ci mərtəbəsində ağız cərrahiyyəsi şöbəsində kafedranın əməkdaşları tərəfindən xəstələrə ambulator xidmət göstərilir.
2008 ci ildə üz-çənə cərrahı ixtisası Azərbaycan Respub­likası Səhiyyə Nazirliyi tərəfindən müstəqil peşə fəaliyyəti kimi təsdiq edildi. 2011-ci ildə ilk dəfə olaraq ATİ-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasında, sonraki illər isə digər ixtisas­laş­mış tibb müəssislərində üz-çənə cərrahı ixtisası üzrə reziden­turalar açıldı.
14 oktyabr 2017 il tarixində respublikada bu sahədə çalışan mütəxəssislər bir araya gələrək Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətin yaradılmasına dair təsis konfransı keçirib.


Şək.59 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilən Şəhadətnamə
Şək. 60 Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətini Gerbi
Gələcəkdə Cəmiyyətimizin nüfuzlu elmi qurumların sıralarına daxil oması üçün bura üzv olan həkimlər ixtisasa dair bilik və bacarıqlarını bölüşərək, dünya təcrübəsi nailiyyətlərindən bəhrələnərək respublikada bu xidmətin inkişafına nail olmalı və dünya səviyyəsində təqdim etməlidirlər. İnkişaf prosesində çətinliklərə də rast gəlinəcək amma heç bir zaman bu yolda dayanmaq olmaz. İstək və səbrlə mütəxəssislərimiz bu prosesdə fəda etməyi bacarmalıdır.